Xalq şairi

           Fikrət  QOCA


 
 
Baş səhifə
Seçilmiş əsərlər
Kitablar
Şeirlər
Mükafatlar
Şəkillər
Mahnı sözləri
Video
Əlaqə
   
 
 

RÜŞVƏTXORLAR

Hardasa iki namərd
oturub üz-üzə indi;
Biri rüşvət alandı,
biri rüşvət verəndi.
İlan kimi qıvrılıb
xəyanət yatır pullar altında.
Onlar qeyrət satıb,
Vətən satıb pullar altında;
Bəlkə, düşünüblər vətən nədir –
Bir az qara torpaqdı,
bir az da sudur.
Cahil, vətən – Koroğlu qeyrətidi,
Həcər namusudur.
Rüşvətxora hər cür rüşvət gərəkdi.
Rüşvət də rəng-rəngdi.
Böyüklər qarşısında
əyilib-düzəlmək rüşvəti var.
Yaltaqlığı da rüşvət alan olur,
Rüşvət həqiqətə bənzər
yalan olur,
Rüşvət puluna
uşağına “Əlifba” kitabı alan olur
Rüşvət – xəyanət ocağıdır,
Rüşvət – kürəyimizə sancılan xain
bıçağıdır.
Elə bu rüşvətxorlar idi
Babəki qızıla satanlar –
Yadların ayağına atanlar.
Onlar Gəncədə Məhsətimi
daşqalaq elədi,
Susduq ki, neyləyək, taleyi belədi.
Bakıda Sabiri qoçular söydürdülər,
Fitva verib
Hələbdə Nəsimini soydurdular.
İndi də qaranlıq bir evdə, tində,
dalanda
Onlar rüşvət verəndə, rüşvət alanda
yenə biz oluruq müqəssir.
Babək yenidən düşür əsir,
Məhsəti təzədən daşqalaq olur.
Nəsimi təzədən soyulur.
Axtarın!
Hardasa iki namərd oturub üz-üzə indi;
Biri rüşvət alandı,
biri də rüşvət verəndi.

Fikrət Qoca
1964-cü il.

 
© Xalq şairi Fikrət Qoca. 2015.