Xalq şairi

           Fikrət  QOCA


 
 
Baş səhifə
Seçilmiş əsərlər
Kitablar
Şeirlər
Mükafatlar
Şəkillər
Mahnı sözləri
Video
Əlaqə
   
 
 
"Azərbaycan" jurnalının redaksiyasına

Əzizim İntiqam!
Bildiyin kimi, bu il mənim 80 illik yubileyim ərəfəsində əsərlərimin 10 cildliyi bir-bir nəşr olunmağa başladı. Bu cildləri çapa hazırlayarkən arxivimdən 48 il əvvəl - 1967-ci ildə yazdığım "Mamontlar" adlı bir poemam əlimə keçdi. Bu əsər indiyə kimi heç yerdə çap olunmayıb. Yəni, mən bunu o zaman “Azərbaycan” jurnalına təqdim etmişdim, amma adına "Qlavlit" deyilən senzuradan keçməmişdi. Poemanı indi götürüb diqqətlə oxudum. Gördüm ki, elə bugünçün də aktualdır. Bilirsən nə fikirləşdim? Fikirləşdim ki, senzurasız bir dövrdə, senzurasız məmləkətdə yaşamaq nə gözəlmiş?! "Mamontlar"ımı 67-ci ildə necə yazmışdımsa, eləcə də verirəm Sizin ixtiyarınıza... Baxın görün, əgər...
Hörmətlə, Fikrət QOCA

***

Fikrət QOCA

MAMONTLAR

poema

Bakı, 1 saylı xəstəxana

İri qara gözləri
Tavana zillənibdi.
Gözün ağı saralıb,
Qarası lillənibdi.
Üzünün qırışından
Ağrı titrəyir, axır.
Ötüb keçən ömrünə,
İndi tavanda baxır.
Tavan kino ekranı…
Səlim göz də qırpmayır;
Birdən ötər bir anı.
Pıçıldayır qurumuş
Dodaqları arabir:
"Yaxşı ki, keçib gedir,
Yaxşı ki, keçib gedir…"
Oğlu qorxub boylanır
Gənc həkimin üzünə.
Həkim təsəlli verir;
-Fikir vermə sözünə,
Hələ tam ayılmayıb,
Gəlməyibdi özünə.
Onların başı üstə,
Ömrün ötən anları…
Yolun eniş -yoxuşu,
Qasırğa- tufanları…
Ağlayan ürəklərin
Göz görməyən yaşları…
Məhkumların gözündən
Yağan tənə daşları.
Tavandan keçib gedir,
Yaxşı-pis, gördükləri.
Bircə parça tavana
İndi yerləşdiribdi
Gördüyü ömrü-günü,
Yaşadığı zamanı,
Neçə-neçə insanı.
Sürdüyü ömrü-günü
Ona kim qaytarıbdı?
Yaşadığı həyatı,
Bu dağı, bu düyünü,
Yaşadığı dünyanı?
Bəs onun özü hanı?
Tavanda dəyişirlər
Aylar, fəsillər, illər…
Ona dikili gözlər…
Ona uzalı əllər…
Ömrü ömür olmayıb,
Məhkəmə salonudu.
Gördüyü müttəhimlər,
Ən qəddar canilər də,
Yalvarar, rəhm dilər.
Güllələnmə kəsdiyi
Üzlər, gözlər donurdu-
Bir zəliyə dönürdü.
Yapışırdı üzünə,
Yaddaşına, özünə.
Su içdiyi fincan da,
Qarşısına qoyulan
Boşqab da görünürdü.
Zülmət qaranlıqda da
Onun kölgəsi olub,
Dalınca sürünürdü.
Son illər yaddaşından
Arabir uçur gedir.
Səlim arxası üstə
Hərdən pıçıldayır ki ;
"Yaxşı ki, keçir gedir,
Yaxşı ki, keçir, gedir "
Üzündə narahatlıq,
Qapıdan qoca baxır.
Həkim hirsləndi birdən:
-Ay canım, belə olmaz!
Hərə bir yandan baxır,
Qapını örtün, çıxın!
Sakit buraxın bir az.
Qoyun halı düzəlsin,
Qoyun özünə gəlsin!
Qoca çəkilir geri,
Qapını arxasınca
Örtür titrək əlləri.
Həkim deyinir hələ:
-Cavanlıq illərində,
Yorublar bir-birini,
Qırıblar bir-birini.
O, sürgündən gəlibdi,
Bu, bu gündə gəlibdi.
Görüşməyə bilmirlər,
Burda da görüşürlər,
Görüşüb didişirlər.
Köhnə zibil eşirlər,
Dərman dava neyləsin?
Həkim baba neyləsin
Görürlər, karvanları
Yığışıb, köçüb gedir.
Səlimin pıçıltısı,
Kəsir onun sözünü:
-Yaxşı ki, keçib gedir,
Yaxşı ki, keçib gedir.

* * *

Bir gün əvvəl

Dəhlizdə oturubdu
Üz-üzə məhkum, hakim.
Burda xəstədi onlar,
İndi hər ikisinə
Burda baxır bir həkim.
Dəhliz işıqlı, sakit,
Kreslolar yumuşaq,
Divar, tavan - hər yan ağ.
Oturubdu qocalar,
Biri gödərək, dolu,
Biri uzun və yoğun.
Hər ikisi də yorğun.
Qaşlarından sallanıb
Fikrinin ağırlığı.
Bir əlçim pambıq kimi
Burnunun deşiyinə
Tıxanıb dümağ bığı.
Tək-tək yekə sözləri
Sanki dodaqdan düşür.
Yapon xurması kimi
Qopub budaqdan düşür.
Gödək altdan yuxarı
Baxır onun üzünə,
Öz içində darıxıb,
Danışır öz -özünə.
"Sanki, uşaq olmayıb
Elə bil bu yaşında,
Elə belə doğulub"
Səlim də ona baxdı:
"Bu lap dəyirmi şardı.
Bayramda ip bağlayıb,
Havaya qaldırsaydım,
Mənə çox yaraşardı.
Balaca gözlərinin
Qarası var, ağı yox.
Balaca barmaqların
Üstündə dırnağı yox…
Səlim baxdığın görüb,
O da Səlimə baxdı.
Yadına düşmədim, hə…
Tanımadın, deməli.
Səlimin dodağından
Bircə kəlmə söz qopdu.
-Bəli.
-On beş il verdin mənə.
-Günahın olsa, yenə
On beş il də verərdim.
-Məndə günah olsaydı,
Səndə günah görərdim ?
-Boynuna almasaydın,
Cəza da verməzdilər.
-Əvəzimə dedilər,
əvəzimə yazdılar,
tapdadılar, əzdilər.
Sən işimə baxanda,
görmədin stol üstə
dırnaqsız əllərimi.
Hakimdin, xalq hakimi,
Sənə arxalanırdım.
Son ümid yeri kimi
Dedim, imza atmışam
Ora bu əllərimlə.
Göstərdim əllərimi,
Qanımla xınalanmış
əlim qalxdı yuxarı,
baxmadın mənə sarı.
Yersiz alçaldığıma
Utandım, yerə girdim.
Məni yaşatdı inam.
Dedim ki, belə getməz,
Bir zaman qayıdaram,
Gəlib diqqətlə baxıb,
Sənin bu boz üzünə.
Gəldim səndən danışım ,
Bir az sənin özünə.
Gözlərinin üstündən
Qalxdı Səlimin qaşı.
Alnında qırışları
Zorla qaldırdı başı.
Bir də diqqətlə baxdı,
Daz başa, girdə üzə.
Dəpdəyirmi bədənə
Baxdı, başın buladı:
-Tanış gəlmirsən mənə,
Otuz altı olardı ?
-Xeyr, otuz beş idi!
-O illərdə mənim də
Başıma daş düşəydi.
Sənə nə var; çəkmisən
Qayıtmısan, gəlmisən.
-Sözə baxın, siz Allah,
Guya ki, sən ölmüsən?
-Hələ də mən çəkirəm.
İşə başlayan gündən,
Bu günəcən çəkirəm.
Başqasına iş kəsib,
Evə qayıtmaq olmur.
Bu sənətlə yediyin
Çörəyi udmaq olmur.
Caniyə ölüm hökmü
Oxuyanda mən hərdən,
Boğazım kilidlənir,
Boğuluram qəhərdən.
Ruhum dolub, ağlayır
Bir qara bulud kimi.
Öz hökmüm məni yeyir
Öz içimdən, qurd kimi.
-Dayan görək, ay Səlim,
Dayan görək, mən ölüm.
Qazanmısan, yemisən,
Balana yedirmisən.
Şərəfinə məclisdə
Sağlıqlar dedirmisən.
Altında cağ maşının,
Dopdolu mənzilin var.
Həm də belə dilin var,
Sənin nə nisgilin var?
Səlimin oğlu gəldi,
Yanında qız uşağı.
"Baba"! -deyib qışqırdı,
Artdı zalın işığı.
Səlim quş kimi qalxdı,
Qolların yana açdı.
Bir anda cavanlaşdı.
-Gəl, mənim ceyran balam.
(Həsən baxdı həsədlə)
Gəl, mənim çiçək nəvəm,
Həsən dostumdu mənim,
Hamıdan göyçək nəvəm.
Ay sənə qurban baba,
Həsən babaya əl ver.
Qız: -Sən də azarlamısan ?
Həsən: -Səni gördüm, sağaldım.
Sənin əlini tutdum,
Əlindən şəfa aldım.
Qız: -Baba, sən də tut əlimdən,
Tez sağal,
Gedək evimizdə qal.
Həsən: -Bu balaca mələklə,
Adam ölər, yorulmaz.
Siz məni bağışlayın,
Baba-bala başlayın,
Mən gedim yatım bir az.
Körpə saflıq, təmizlik,
Əzəlilik, aydınlıq
Sanki, Ay işığıdı,
Doğma, müqəddəs, ilıq.
Həsən bu aydınlıqda
Utandı görkəmindən.
Öz gözündə kinindən,
Qəlbindəki qəmindən.
Qız dırmaşdı Səlimin
Qucağından boynuna.
Nə təsvir eləyim ki,
Siz, yəqin çox baxmısız
Baba-nəvə oynuna.

***

Mən də çox pak deyiləm,
Bu keçdiyim yolların
Üstümdə tozu qaldı,
Qəlbimdə izi qaldı.
Mən bu qara qəzəbi
Gərək çoxdan yuyaydım
Gözümün qarasından.
İnsanlar arasında
Ağzını açıq qoyub,
Özgəni tutma oğru.
Qəlbində nuru qoru.
Gözündə nuru qoru.
Yıxılmısan, durmusan
Döymə, tapdama yeri.
Kişisən, ufuldama,
Yenidən qalx ayağa,
Qalxıb vüqarla yeri!
Səlim nə dostum idi,
Nə də düşmənim idi.
Hakim kürsüsü onun,
Günahlar mənim idi.
Niyə mənim yanımda
Qısılmalıdı səsi?
İşə baxıb, hökmünü
Oxumaqdı peşəsi.
Ocağı söndürmüşəm,
Külüylə oynayıram.
Sel gəldi, keçdi, getdi,
Evlər yıxdı, apardı.
Sellərdən çöküb qalan
Lil ilə oynayıram.
Yollar aranlı, dağlı,
Tanrı qapısı bağlı.
Kim bilir, kimdi haqlı?
Haqq nədi, bilən olar.
Sudu su üstündə buz,
Haqdı yara üstə duz.
Güclü olanda haqsız,
Haqq üçün ölən olur.
Sən haqdan arxayın gəz,
Haqq incələr, üzülməz.
Haqlı yıxılar, ölməz,
Dadına gələn olar.

Yenə yuxusunda düşür sürgünə,
Yenə o dünyanı gözüylə görür.
İnsafsız yuxular, o ötən günə
Bu yazıq Həsəni hər gecə sürür.

Hər günü Sibirin yolundan uzun,
Bir tükdən asılıb yellənir ömür.
İnsafsız yazıbdı taleyi yazan,
Əvvəli oxunmur, sonu görünmür.

Doğma el həsrəti onu qovurdu,
Orda yol gözləyən qara gözlü var.
"Vətən " deməyə də yazıq qorxurdu,
Axı, ondan sonra "xain" sözü var.

Öz soyadına da damğadı adı,
Hər yandan yağırdı təhqir yağışı.
Ömür -gün deyildi onun həyatı,
Diridən pis idi, ölüdən yaxşı.

İkinci görüş

Oyandı tər içində…
Oyanıbdı, qalxıb gün,
Pəncərədən baxır gün.
Səma aydın, tərtəmiz,
Günəşin nuru ilə
Yuyurdu əl-üzünü
Bizim ərköyün dəniz.
"Şükür, yuxuymuş, yuxu…
Yaman naşükürəm mən,
Cığalam, çox kürəm mən.
Mənlə gedənin çoxu
Geri qayıtmayıbdı.
Nə hay-küydü salmışam,
Canım, axı, ayıbdı?!
Üzr də istədilər,
Qayıtdı təmiz adım.
Hörmət, qayğı, ehtiram,
Yenə razı qalmadım.
Öz yurdumda yuvam var,
Sağam, həm də azadam.
Ay zalım oğlu, zalım,
Nə istəyərmiş adam!"
Öz özünü danladı,
Həsən dəhlizə çıxdı.
Səlimlə rastlaşdılar,
Səlim yaman karıxdı.
Birdən lap uşaq kimi,
Dönüb qaçmaq istədi.
Utandı öz halından,
Dərin bir nəfəs alıb,
Dedi: yaman istidi.
-Sabahin xeyir, Səlim,
-Sabahin xeyir, Həsən,
Necəsən ?
-Yaman yaxşı yatmışam,
Gecə sabaha kimi,
Yağış altına düşmüş
Susuz bir səhra kimi
Yatmışam üzü göyə…
(Həsən yalan deyirdi,
Özü də bilmir niyə ).
-Elə bil gecə deyil,
Uzun bir yol keçmişəm.
Sübhədək yaddaşımla,
Vuruşub-döyüşmüşəm.
Ömrüm də ömür deyil,
Bir hakim kürsüsüdür,
Bir məşvərət otağı.
Bir bostan əkmişəm mən,
Çiynimdə bitib tağı.
Gözümün nuru gedib,
Yeyilib ürəyimin yağı.
Qocalanda adamdan
Çoxları dönüb gedir.
Vəfasız gözəl kimi,
Yaddaş xəyanət edir.
Xatırlamadım sizi,
Sizin məhkəmənizi.
Səlimin bu sözləri
Həsənə bərk toxundu.
Onun qəzəbləndiyi
Baxışından oxundu.
-Hardan düşərəm yada?
Sən o zaman ərköyün,
Cavan, şən oğlan idin.
Sən onda yerlə-göylə
Əlləşən oğlan idin.
Lazım gəlsə, fələklə
Helləşən oğlan idin.
Ağlına gəlmirdi ki,
İnsana iş kəsirsən.
Yəqin, heç düşünmədin;
Sən hər gün baş kəsirsən.
Evinə gətirdiyin
Pullarda insan qanı,
Uşağına aldığın
Paltarda insan qanı.
Sənin işin görməkdən,
Tanımaqdan ötmüşdü,
Gözünü qan örtmüşdü.
-Bəsdi, Həsən, səbrin də
Həddi var, hüdudu var.
Hər kəsin hüququ var.
Cani cəzasız qalsa,
Heç yaşamaq olmazdı.
Elə adam olub ki,
Güllələnmə kəsmişəm,
Demişəm, o da azdı.
Qanun elə şeydi ki,
Quruluşdu onu yazan,
Məhkumdu onu pozan.
Hakim də onu pozsa,
Ölkə uçar, dağılar,
Nə cür yaşamaq olar?
O sən deyən illərdə
Günahsız gedən olub.
Bircə burdan olmayıb,
Bütün ölkədən olub.
O zaman əmr edirdi
Mənə məndən böyüyü,
Böyüyünün böyüyü.
İcraçılar biz idik,
Biz çəkirdik o yükü…
Üçüncü bir xəstəni,
Nigarançılıq üzür.
Durub əsəbi gəzir.
"Görəsən, nə danışır
Bu qocalar baş-başa,
Adam necə yanaşa?
Canlı tarixdi onlar,
Dinləyən alim olar.
İstəyir ki, yanaşa
Qocalar söhbətini
Yarımçıq kəsib, durur.
Xəstə təhqir olunur,
Üzündə saxta qürur
Addımlayır kənara.
Elə bil, deyirdi ki,
Mən sizi heç saymıram,
Ehh… siz hara, mən hara?!
Hər ikisi də baxdı
Gedənin arxasınca.
-Biz niyə susduq bayaq,
Nə gizli söhbətimiz,
Nə də bəs işimiz var.
Həsən dərin ah çəkdi:
-Neyləyəsən, o vaxtdan
Qalma vərdişimiz var.
Yaxşı, Səlim, sən o vaxt
İşdən çıxa bilməzdin?
Camaata qoşulub
Pambıq yığa bilməzdin ?
-Niyə yatdın Sibirdə?
Qaçıb qaçaq olaydın,
Qaçıb qisas alaydın.
-Alsalar da əlimdən
Partiya biletimi,
Qəlbdən partiyamıza,
Sadiq idim, it kimi.
Öz doğma partiyama
Düşmən çıxa bilməzdim.
Ölərdim, ona qarşı
Dəstə yığa bilməzdim.
-Qanımız birdir bizim,
Mən də partiyamızın
Əsgəriyəm, əzizim.
Beş il müharibədə
Üç dəfə yaralandım.
Neçə yol ölüm ilə
Mən üz-üzə dayandım.
Partiyaya vermişəm
Əzəldən həyatımı.
Ona xain çıxarsa,
Güllələrəm atamı.
Xalqıma xəyanət duysam,
Bircə, əziz oğlunun,
Onun düşmən yolunun,
Ölüm hökmünü özüm
Oxuyaram kürsüdən.
Doğma partiyamızın
Adi əsgəriyəm mən.
Sənə cəza vermişəm,
Deməli, haqlıyammış.
-Axı, üzr istədin
Sonra, imanı yanmış?!
-Onda haqlı idik:
Üzr istəyəndə də,
Səhv olub deyəndə də…
Həsən çıxdı özündən,
Od parladı gözündən.
-Sizin bu haqqınıza,
Səksən min qurban gedib,
Hələ tək burdan gedib.
"Bağışlayın" - deyəndə,
Bir ölü dirilmədi.
"Xain" adıyla ölən
Yazıqlar heç bilmədi
Günahsızdılar daha.
Bu balaca səhviniz
Baha oturdu, baha...
Biri mən - qayıtmışam,
Arvad, uşaq, nəvə yox!
Cəhənnəmə gedərəm,
Amma axşam evə yox!
Təkcə qaralıram mən,
Su basmış ocaq kimi.
Sinəmdə tək ulayır
Ürək, yalquzaq kimi.
Dünən nəvəni gördüm,
Mən onda səni gördüm.
Qaytardınız adımı,
Di yaxşı, onda qaytar
Ötən ömür-günümü,
Olmayan övladımı.
Bulvara çıxmaq olmur;
Adamlar qoşa gəzir.
Qocalar qarısıyla
Verib baş-başa gəzir.
Həsən baxdı Səlimə,
O tavana baxırdı.
Dodaqları titrəyir,
Gözləri də axırdı.
Aşkar hiss edirdi ki,
Nəfəsi darıxırdı.
Həsən həkim çağırdı,
Çağırmadı, bağırdı!!!

* * *

Həkimlər ona baxır,
Səlim tavana baxır.
"Deyirdik, qaş düzəldək,
Deyəsən, göz çıxartdıq.
Harda səhv addım atdıq?
Bu qocalar belədi,
Bir yerinə baxarsan,
Dörd yandan dərdi çıxar."
Həkimlər ona baxır,
Səlim tavana baxır.
Tavanda ömür axır.
Ağlı -qaralı ömür,
Başı bəlalı ömür.
Birdən Həsəni gördü,
Gördü tavandan baxır.
Dodaqları danışır,
Gözündən qəzəb yağır.
Dedi: onu çağırın,
Onu, onu - Həsəni.
Həsən yanına gəldi,
Ona tərəf əyildi.
Səlimin üzü güldü
Dedi: yadıma gəldi,
Xatırladım mən səni.
-Sən özünü ələ al,
Sağal, ay Səlim, sağal!
Mənə fikir vermə sən,
Ən ağır günlərimdə
Özümü saxlamışam
İndi sarsaxlamışam
Diriltmə otağına
Apardılar hakimi.
Həsən qaçıb gizləndi,
Otaqda cani kimi.
Qorxa-qorxa gözlədi,
Qapısını döyən yox,
Ona bir söz deyən yox.
Otağına girən yox,
Onda günah görən yox.
Yenə dəhlizdə sükut...
Həkimlər səliqəli,
Danışıq "xeyr", "bəli".
Sükut dəhlizdə gəzir,
Sükut hər üzdə gəzir.
Ağ sükut ağ tavanda,
Burda sükut içində
Susub qalıb zaman da.
Ağ yalantək ağ sükut
Diş ağardır hər yanda.
Nə ölən, nə öldürən
Bura bir səhra imiş.
Nə eşidən, nə görən,
İstədi ki, qışqırsın.
"Onu mən öldürdüm, mən!"
Bir əl tutdu əlindən.
Həkim dedi:
-Yamanca qalxıbdı təzyiqiniz,
Bu gün çarpayınızdan
Qalxmayın, qalxmayın siz.
Həsən birdən özünü
İndi lap tənha gördü.
Üzü üstə çevrilib,
Uşaq kimi hönkürdü.
Bəbəyinin dibində,
Buza dönmüş həyatı
Əriyib çağlayırdı.
Ölüb gedən mamontlar
Nəslinə ağlayırdı.

1967

 
© Xalq şairi Fikrət Qoca. 2015.