Xalq şairi

           Fikrət  QOCA


 
 
Baş səhifə
Seçilmiş əsərlər
Kitablar
Şeirlər
Mükafatlar
Şəkillər
Mahnı sözləri
Video
Əlaqə
   
 
Yaşatmaqda yarış olsun

Kainatda yer kürəsi
Tüstü çıxan bir bacadır.
Həm körpədi, həm qocadı.
Dünya ürək kimi kövrək,
Özü də çox balacadı.

Qənimdi insan-insana,
Raket əkiblər hər yana
Hərə bir düyməni bassa
Dünya qalar yana-yana,
Külü uçar asimana.

Səhər baxan dan üzünə,
Gülən bir körpə gözünə,
Səni sevən bir gözəlin
Üzünü söykə üzünə
Ürəyində kin ərisin.

Yadına sal dağı-daşı,
Əlvan yazı, düm ağ qışı.
Bir bulaqdan sərinlik iç
Oxqaay!!! desin könlün bağı,
Görərsən cənnətdi dünya.

Nifrətdən tünd zəhər yoxdu,
Bu davada zəfər yoxdu.
Bircə düymə basıldısa
Bir zülmət var, səhər yoxdu,
Sonrasını Allah bilir...

Onsuzda dərdimiz çoxdu,
Yarı acdı, yarı toxdu
Kinlə döyüşə getməyə,
Bu dünyanı məhv etməyə
Cənablar haqqınız yoxdu!

Dünya barıt ambarıdı.
İnsan sevginin barıdı.
Ölüm-olum arasında
Sülh ən kövrək bir barıdı
Qoruyalım onu barı

Aç yumruğun dönsün ələ
Biz əl verək gülə-gülə
Gedə-gedə, gələ-gələ
Yer üzündə barış olsun.
Yaşatmaqda yarış olsun.

26.11.2015-ci il

 
Allah qorusun

Allah sizi qorusun,
Allah bizi qorusun,
Sizi bizdən qorusun.
Bizi sizdən qorusun.
Allahım pis nəfisdən,
yaman gözdən qorusun
həm əyridən qorusun,
həm də düzdən qorusun.
Bu təzə maşınımı
Özün qoru Allahım.
Bu maşında əzilsə
Göyü yandırar ahım.
Uşaqdı maşın sürür
qanmaz yaşından qoru.
Ötən maşından qoru,
Gələn maşından qoru.
Göyün quşundan qoru,
yolun daşından qoru!!!
Hamımız yalvarırıq
qoru, qoru ay Allah
Millətə bax...xalqa bax...
Özü qorunan azdı,
anlayan-qanan azdı.
Bir birinin halına,
Dərdinə yanan azdı.
Allah bütün dərdlərə
Sən yeganə açarsan.
Özünə qalsa vallah
Baş götürüb qaçarsan...
Sən bizə fikir vermə,
Sən bizə qıyma Allah.
Bu gözəl dünyamızı
Allahsız qoyma Allah!

23.11.2015-ci il

 

Sevimli bəstəkar

Ruhəngiz Qasımovanın 75 illiyinə

Dəniz ətirli külək.
Nəğmə qanadlı mələk-
-Dostum, bacım, əzizim.
bəstəkar Ruhəngizim
Bu ad günün mübarək!
Gələcəkdə, gələcək
Ad günlərinə gələk!
Getdikcə cavan olsun,
Azad-firavan olsun,
Anam Azərbaycanım!
Biz də yüz il yaşasaq
Dünya qopmazki canım?!

22.11.2015-ci il

 
İnsan və zaman

Ey insan usta yapış
zamanın cilovundan.
Zaman balıq kimidir,
qaçmasın tilovundan.

15.11.2015-ci il

 

Oynayır

İnsanlar dindən oynayır,
Yer məhvərindən oynayır.
Hamı keyifdən oynamır ki,
hərə bir gündən oynayır.
Kimi ürəyin boşaldır,
Kimi bir himdən oynayır.
Kimi sevgidən oynayır,
Kimi də kindən oynayır.
Oynamaq da bir oyundur,
Baxır kim-kimlən oynayır.
Fikrət adlı bir qoca var
Hərdən içindən oynayır.

17.11.2015-ci il

 

Azadlıq əkdiyin bir çinardı,
Kök atınca bəsləməsən, qorumasan quruyar.
Kök atandan sonra
Səni də, köklərini də kölgəsində
qoruyar.
(F.Q)

AZADLIQDAN SONRA...
(şeir deyil, çağrışdır)

Yeni bir ölkə cahana gəlir,
İnsanlarının qəddi düzəlmir,
Susuz torpaqları cana gəlmir.
Mübarizə aparır, zəfər çalır.
Ev tikir.
yol salır,
bayrağı göyə ucalır!
Bəzilərini arxayın salır
Canında “mənəmlik” artır,
özünü dartır.
Zəfərdən sonra həmişə
belə boşluq olur.
Arxayınlıq, məstlik,
bir az sərxoşluq olur.
O günlərə dözmək lazımdı.
O zamanı keçmək lazımdı.
Çıxacağın sahili yaxşı seçmək
lazımdır.
Azadlıq vətənin nəfəsidir, nəfəsi!
Azadlıqdan sonra hər kəsin
Azadlıq istəməsi-
-naşılıqdı!
Xausdu, özbaşlanılıqdı!
Bu yerdə mübarizə
Dönüb sənin savaşın olacaq,
Savaşdığın sənin öz vətəndaşlığın olacaq.
Qazandığınız yadlar əlində
daş-qaş olacaq.
Sənə qalan balalarının
gözündəki yaş olacaq.
Vətən torpağın əllərdə daş olacaq.
Belə sat-ha-satda,
al-ha-alda,
ən yaxşı halda
vətənin böyük bir ölkəyə
kiçik “qardaş” olacaq.
Bu yolda olmuşuq,
dadını bilmişik,
Bir dəfə ölmüşük,
dirilmişik,
Yenidən dünyaya gəlmişik!
Hamımız bir torpaqdan,
bir candan,
bir qandanıq!
Dünyanın harasında olsaq
Biz Azərbaycandanıq!
Əzizlərim
Yadınızda qalsın bu sözlərim!
Azadlıqdan sonradı
yolun ən çətini
Azadlıqdan sonra sınayırlar
Xalqın ağlını, gücünü, qeyrətini.
Azadlıqdan sonra
Gərək hamımız ayıq-sayıq olar,
O gözəl azadlıqa laiq olaq.
Ona sahib olaq,
Onu başımızdan yuxarıda tutaq.
Hər cür mənafe unudaq.
Babalarımızın ruhu oyanıb,
Başımızın üstündə dayanıb,
Bayrağımızın qırmızısı,
Şəhidlərimizin qanı ilə boyanıb.
Gələcəkdən boylanıb nəsillərimiz,
bizi izləyir.
Bizdən təmkin, hünər, zəfər
gözləyir.
Daha şanlı illər,
Daha gözəl nəsillər gələcək.
Əl-ələ versin
Keçmişi, bu gün, gələcək,
Hamımız bir can olaq!
Hamımız azad bir Azərbaycan.
Azərbaycan, Azərbaycan olaq!

 
© Xalq şairi Fikrət Qoca. 2015.